Coğrafi körpüdən mədəniyyətlərarası
körpüyə
İndi dünyanın tanınmış beynəlxalq təşkilatları qətiyyətlə etiraf edirlər ki, Azərbaycan həqiqətən tolerantlığın, multikulturalizmin əsas ünvanlarından biridir. Əsrlər boyu bu məmləkətdə bütün xalqlar, millətlər, eləcə də ayrı-ayrı dinlərin nümayəndələri bir ailə kimi yaşayıblar. Tolerant mühiti şərtləndirən əsas amillərdən biri də Azərbaycan xalqının humanistliyi, geniş ürəyə malik olması, sülhsevərliyi, qonaqpərvərliyi və digər məziyyətləridir. Son dövrlər paytaxt Bakıda, eləcə də bölgələrimizdə müxtəlif beynəlxalq tədbirlər, konfranslar, forumlar, simpoziumlar keçirilir. Azərbaycan dünyanın diqqətində dayanan - dostu sevindirən, düşməni qıcıqlandıran bu beynəlxalq tədbirlərə məharətlə ev sahibliyi edir. Məmləkətimizə gələn əcnəbilər öz rəy və arzularında da yenidən bu ölkəyə üz tutmaq istəyində olduqlarını həvəs və səmimiyyətlə dilə gətirirlər.
Mayın sonunda Bakıda Heydər Əliyev Mərkəzində "Çoxmədəniyyətli dünyada sülh şəraitində birgə yaşama" devizi altında II Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu işə başladı. Forumun açılış mərasimində çıxış edən Prezident İlham Əliyev bildirdi ki, bu gün Bakı əslində coğrafi körpü rolunu oynamaqla bərabər, mədəniyyətlərarası körpü rolunu da müvəffəqiyyətlə icra edir. Bu forumun Azərbaycanda keçirilməsinin təsadüfi olmadığını vurğulayan ölkə başçısı nitqində dedi: "Biz fəxr edirik ki, bu gün də müstəqil Azərbaycan çoxmillətli və çoxkonfessiyalı ölkədir. Burada bütün dinlərin nümayəndələri, bütün millətlər bir ailə kimi sülh, mehribanlıq, qarşılıqlı anlaşma şəraitində yaşayırlar. Bu, bizim böyük sərvətimizdir, böyük üstünlüyümüzdür və hesab edirəm ki. Azərbaycanın uğurlu inkişafında bu amil də öz rolunu oynamışdır".
II Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunda iştirak etmək üçün dünyanın 90 ölkəsindən 500-dən çox nümayəndə qatılmışdı. İki gün davam edən forumda 19 sessiya keçirildi. Ən əsas, vacib məsələ bu sessiyalarda gedən qaynar, işgüzar müzakirələr idi. Mədəniyyət və turizm naziri Əbülfəs Qarayevin fikrincə, bu forumun səciyyəvi cəhətlərindən biri sülh və inkişafa nail olmaq məqsədilə mədəniyyətlərarası anlaşma və mədəni müxtəliflik məsələləri, qloballaşma dövründə mədəniyyətlərin qarşılıqlı təsiri və sintezi, sürətlə dəyişməkdə olan dünyada sivilizasiyalararası əlaqələrin əhəmiyyəti və etnik münaqişələrin qarşısının alınması və digər məsələlərdən ibarət oldu.
BMT Baş katibinin ali nümayəndəsi Nassir Əbdüləziz əl-Nasser forumun ilk günündə öz çıxışında mədəniyyətlərarası dialoqa həsr olunmuş belə bir mötəbər forumun məhz Azərbaycanda, paytaxt Bakıda keçirilməsini təqdir edərək sülh, əmin-amanlıq, sabitlik, sözsüz ki, insanlar və mədəniyyətlər arasında qarşılıqlı hörmət əsasında belə bir tədbirin qurulmasına şərait yaradan Azərbaycan hökumətinə öz minnətdarlığını bildirdi. UNESCO ilə Azərbaycan hökumətinin dəstəyi ilə 100-dən çox tərəfdaşın iştirakıyla belə bir tədbirin keçirilməsini "mədəni müxtəlifliyin və inklüzivliyin çox gözəl təzahürü" adlandırdı. Hörmətli qonaq bu münasibətlə öz arzularını bildirdi: "Mənim ümidim, istəyim ondan ibarətdir ki, burada aparılacaq dialoqun və müzakirələrin nəticəsində hazırlanacaq tövsiyələr bu salonun daxilində qalmayacaq, dünyaya çatdırılacaqdır. Bakıda səslənəcək bu fikirlər dünya miqyasında öz əks-sədasını tapacaqdır".
II Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunun sessiyalarından biri mədəni irsin qorunması və sülhün möhkəmləndirilməsi məsələsinə həsr edilmişdir. Tarix boyu Azərbaycan xalqı onunla bir məmləkətdə yaşayan xalqlarla mehriban olmuş, qonşuluq münasibətlərini yaşatmağa çalışmışdır. Təəssüf ki, həmişə dözümlülük, tolerantlıq göstərən Azərbaycan 20 ildən çoxdur ki, erməni vandallarının təcavüzünə məruz qalıb. Nəticədə mədəni abidələr qəddarlıqla dağıdılıb, sərvətlər talanıb, bir sözlə, həm bu ölkənin sakinləri, həm də onların dədə-babalarının yaratdığı milli sərvətlər ermənilər tərəfindən vəhşi münasibətlərə məruz qalıb. Elə bu sessiyada da UNESCO-nun baş direktoru İrina Bokova çıxış edərək həm forumun böyük əhəmiyyət daşıdığını bildirmiş, həm də mədəni irsin qorunmasını bütün bəşəriyyətin qarşısında duran vacib məsələ kimi səciyyələndirmişdir. Ermənistanın Azərbaycan torpaqlarının 20 faizini işğal etməsi və həmin ərazilərdə olan mədəniyyət abidələrini dağıtmasını sessiya iştirakçıları qətiyyətlə pislədilər. Forum iştirakçıları bir fikri tez-tez dəstəkləyirdilər ki, mədəniyyətlərarası dialoqun paytaxtı olmağa layiq Bakının - Azərbaycanın bu cür ağır problemlər yaşaması qəbuledilməzdir. Ona görə də mədəniyyətlərarası dialoqun bütün nüfuzlu təşkilatların, beynəlxalq ictimaiyyətin gündəliyində duran əsas məsələlərindən biri əgər xalqların bir-birinə daha çox yaxınlaşmasına xidmət etməkdirsə, bu yola aparan mühüm məsələ isə işğala, talana son qoymaq və bunu bütün millətlərə bəyan etməkdir! Azərbaycanın haqq səsi dünyaya yayılmalıdır!
ISESCO-nun baş direktoru Əbdüləziz bin Osman əl-Tüveycri forumun açılış mərasimindəki çıxışında hamını düşündürən bir məsələni qabardaraq söylədi: "Biz müxtəlif fobiyalardan, nifrətlərdən əzab çəkən bir dünyada yaşamağa məcbur oluruq. Dünyamız həm də bəzi ölkələrin torpaqlarının işğal olunması ilə də üzləşir. Azərbaycan və digər ölkələrə qarşı törədilən bu xoşagəlməz hadisələr, sözsüz ki, bizi narahat etməyə bilməz. Yalnız beynəlxalq hüquq normalarının tətbiq edilməsi nəticəsində bu halların aradan qaldırılması mümkün olacaqdır. Əgər biz bu məsələdə ikili standartlara yol versək, BMT-nin, UNESCO-nun nizamnamələrinə hörmətsizlik etmiş olacağıq. Məhz buna görə də UNESCO-nun mədəniyyətlərin yaxınlaşmasına yönəlmiş səyləri təhsil sistemimizdə, mədəni formalarımızda da əksini tapmalıdır. Küçələrdə, məscidlərdə və sinaqoqlarda bəyan edilməlidir ki, ümumi dəyərlər, niyyətlər dözümlülük və hövsələ ilə həyata keçirilsin".
Azərbaycan dövləti həmişə ona can atır ki, dünyada dinlərarası, mədəniyyətlərarası münasibətlər sağlam zəmində həllini tapsın, əməkdaşlıq meyilləri güclənsin, bütün xoşagəlməz halların qarşısı sülhlə alınsın. Bu səbəbdən də sivilizasiyalararası dialoqun inkişafına həmişə üstünlük verilib. Azərbaycan nə qədər humanist və tolerant bir ölkə olsa da, təəssüf ki, dünyanın müxtəlif yerlərində dini və milli zəmində qarşıdurmalar, vətəndaş müharibələri baş verir. Məhz bu forumda insanların bir araya gəlməsi əməkdaşlığa töhfə kimi dəyərləndirilməlidir. Hələ 2011-ci ildə Bakıda bu dialoqun I forumu keçirilmişdi. Ötən iki il ərzində irəli sürülmüş təşəbbüslər dünyada öz əks-sədasını yaratdı. Azərbaycanın istər regional təşəbbüsləri, istər siyasi-iqtisadi, digər sahələrlə bağlı əməkdaşlıq formaları, xalqlararası, millətlərarası dialoqun aparılmasına olan meyli bütün dünyada müsbət qarşılanıb. Əlbəttə, hər bir ölkənin özünün siyasi marağı ola bilər. Bəzən ayrı-ayrı ölkələri birləşdirən iqtisadi maraqlar da var. Amma bütün dünyada əməkdaşlığın ən gözəl və təsirli forması məhz xalqlararası, sivilizasiyalararası əlaqələrin sağlam zəmində qurulmasıdır. Prezident İlham Əliyevin bu məsələyə müdrik baxışında da həmin çalarlar aydın görünürdü: "Bu dünyada hər bir xalq üçün, hər bir millət üçün yer vardır. Təki sülh, əmin-amanlıq, qarşılıqlı anlaşma olsun. Əməkdaşlığın üstünlüyünü biz Azərbaycanın uğurlu inkişafında görürük... Hesab edirəm ki, Bakıda keçirilən II forum ümumi işimizə verilən böyük töhfədir. Ancaq biz təkcə forumların keçirilməsi ilə öz işimizi məhdudlaşdırmamalıyıq, müxtəlif aksiyalar keçirməliyik. Mədəniyyətlərarası dialoqun inkişafı üçün ciddi tədbirlər görülməlidir".
Müxtəlif
mədəniyyətlərin, sivilizasiyaların
yaxınlaşmasında öz töhfəsini verən Bakı
Forumunun əhəmiyyəti haqqında dünya mətbuatında
da maraqlı yazılar dərc edilir. Artıq tarixə
çevrilmiş bu mühüm tədbir mədəniyyətlərarası
dialoqun daha da genişləndirilməsinə bir təkan verəcək.
Bakı həqiqətən də Şərq və Qərb
arasında mədəni müzakirələrin keçirildiyi
gözəl məkan olduğunu həqiqətə
çevirdi. Bu səbəbdən də forum
iştirakçıları mətbuat nümayəndələrinə
verdikləri müsahibələrdə bir fikri tez-tez
vurğulayırdılar: "Bakı mədəniyyətlərarası
dialoqun paytaxtı ola bilər". Bu fikri doğuran əsas səbəb
də Azərbaycanın bir çox sivilizasiyaların və mədəniyyətlərin
qovuşduğu məkan olması ilə bağlıdır.
Bir tarixi faktı da xatırlayaq ki, Bakı şəhəri
2009-cu ildə İslam mədəniyyətinin paytaxıt elan
edilmişdi. Bununla əlaqədar şəhərimizdə
keçirilən beynəlxalq tədbirlər olduqca yüksək
səviyyədə və məzmunlu
hazırlanmışdı. Eləcə də bizim digər bir
qədim şəhərimiz Naxçıvan 2018-ci il
üçün İslam mədəniyyətinin paytaxtı
adına layiq görülüb. Ötən ilin mayında
Bakıda keçirilən "Eurovision" mahnı
yarışması haqqında bu gün də dünya mətbuatı
müsbət yazılar dərc edir. Hətta bu yarışmaya
qatılanlar həmin musiqili bayramı xiffətlə xatırlayır,
yenidən Bakıya dönmək arzusunda olduqlarını
bildirirlər. 2015-ci ildə isə Birinci Avropa Oyunları Azərbaycanda
keçiriləcək. Bunları ona görə
xatırladırıq ki, Bakı həqiqətən də mədəniyyətlərarası
dialoqun aparılması üçün çox gözəl
məkandır. Və bu dialoqun şəhərimizdə
keçirilməsini dünyanın tanınmış beynəlxalq
təşkilatları qərarlaşdırmışdır. Əsrlər
boyu multikulturalizmə öz töhfəsini verən,
tolerantlığın, dözümlülüyün zirvəsində
dayanan Azərbaycan bütün dünya üçün bir
nümunədir.
Flora XƏLİLOVA
Azərbaycan.-2013.- 5 iyun.- S.11.